Türk Qadınlar Mərkəzinin 25 Noyabr münasibətilə bəyanatı
25 Noyabr – Qadınlara qarşı zorakılığın aradan qaldırılması üzrə Beynəlxalq Gün
25 noyabr – Qadınlara qarşı zorakılığın aradan qaldırılması üzrə Beynəlxalq Gün – gender əsaslı zorakılığın bütün formalarına son qoymaq üçün qlobal öhdəliyi xatırladır. Bu zorakılıq bir çox ölkələrdə, o cümlədən İranda, struktur, mədəni və hüquqi səviyyələrdə təkrar istehsal olunur və milyonlarla qadının, qızın və seksual-cinsi azlıqların həyatına təsir edir.
Məişət zorakılığı: gizli yara, geniş yayılmış böhran
İranda məişət zorakılığı qadın hüquqlarının ən geniş pozulan formalarından biri olaraq qalır.
Sözlü və psixoloji zorakılıqdan tutmuş ev dustaqlığına, döyülmə-söyülməyə, iqtisadi istismara və seksual zorakılığa qədər – bu zorakılıqlar bir çox evlərdə qeydiyyatsız, izlənilmədən və təhlükəsiz çıxış imkanı olmadan davam edir.
Məişət zorakılığından sağ qalanlar üçün hərtərəfli dəstək qanununun olmaması, təhlükəsiz sığınacaqların çatışmazlığı, ayrı-seçdirici mədəni münasibətlər və qadınların iqtisadi asılılığı səbəbidən bir çox qadın zorakılığı nə bildirə bilir, nə də ondan qaça bilir.
Qadın qırğınının, namus qətllərinin və məişət zorakılığı və ya məcburi evlilik nəticəsində qadın intiharlarının artması
Son illərdə İranda qadın qırğını və namus qətlləri artan və narahatedici bir meyl göstərir.
Bu qətllərin çoxu qadının bədəni, davranışı, əlaqələri və ya hətta “şübhə” adı altında nəzarət etmə istəyi ilə əlaqəlidir və bəzi hallarda qeyri-kafi qanunlar və yüngül cəzalar səbəbilə lazımi çəkindiriciliyə malik olmur.
Bu acı reallıq ki, bəzi namus qətli törədənlər yüngül cəzalarla yenidən normal həyata qayıda bilirlər, zorakılığı yalnız cəzalandırmayan, bəzi hallarda ona dolayı şəkildə legitimlik qazandıran bir strukturun mövcudluğunu göstərir.
Qadınlara qarşı struktur və dövlət zorakılığı
İranda qadınlara qarşı zorakılıq yalnız fərdi səviyyə ilə məhdudlaşmır; qanunlar, siyasətlər və hakimiyyət strukturları səviyyəsində də möhkəmlənmişdir.
Bu struktur zorakılığın nümunələri:
• Qadınların geyiminə məcburi nəzarət və məhdudiyyətlər
• İctimai məkanlarda zorakı və təhlükəsizlik yönümlü müdaxilələr
• Qadın hüquqları aktivistlərinə təzyiq və repressiya
• Diyə, miras, boşanma, qəyyumluq və səfər mövzularında hüquqi ayrı-seçkilik
• Qadınların qərarvermə sahələrindən kənarlaşdırılması
• Qadınların bədəninə, səsinə və ictimai varlığına nəzarət üçün qorxu atmosferi yaradılması
Bu dövlət zorakılığı qadınların həyatına kölgə salır və məişət, sosial və kimlik zorakılığının əsas təkrar istehsalçılarından biridir.
Seksual-cinsi və gender azlıqlarına qarşı zorakılıq
İranda seksual-cinsi və gender azlıqları da çoxqatlı zorakılıqdan əziyyət çəkirlər;
Bu zorakılıq ailə tərəfindən rədd edilmə, hədə-qorxu, ictimai təzyiq, razılığa əsaslanan münasibətlərin cinayət sayılması, hüquqların tanınmaması və təhlükəsizlik yönümlü davranışları əhatə edir.
LGBTQ+ fərdlərinin çoxu ailə və cəmiyyət reaksiyasından qorxaraq gizli həyat yaşamağa məcburdur və hüquqi və psixoloji dəstəyə çıxışları yoxdur.
Onlara qarşı zorakılıq da eyni cinsiyyət əsaslı zorakılıq sisteminin bir hissəsidir və insanların bədəninə və kimliyinə nəzarət mexanizmi kimi işləyir.
Türk Qadınlar Mərkəzi bu beynəlxalq gündə aşağıdakı prinsipləri vurğulayır:
- Qadınlara, qızlara və seksual-cinsi azlıqlara qarşı bütün zorakılıq formaları insan hüquqlarının açıq-aşkar pozulması və insan inkişafı yolunda ciddi maneədir.
- İranda ayrı-seçdirici qanunlar və repressiv strukturlar zorakılığın davamında əsas rol oynayır və onların fundamental şəkildə islahına ehtiyac var.
- Qadın qırğınının və namus qətllərinin artması milli bir böhrandır və təcili tədbir, çəkindirici qanunvericilik, sosial dəstək və genişmiqyaslı təhsil tələb edir.
- Qadınlara qarşı dövlət zorakılığı – geyimə nəzarətdən tutmuş vətəndaşlıq hüquqlarının boğulmasına qədər – sona çatmalı və beynəlxalq insan hüquqları standartları ilə əvəz edilməlidir.
- Real dəstək institutlarının qurulması, təhlükəsiz sığınacaqlar, təcili yardım xətləri, polis və məhkəmə orqanlarının maarifləndirilməsi və psixoloji dəstək gender zorakılığı ilə mübarizənin əsas yollarıdır.
- Qadınların bir-biri ilə həmrəyliyi və onların seksual-cinsi azlıqlarla birlikdə dayanması zorakılıq və ayrı-seçkiliyə qarşı mübarizənin əsas sütunudur.
Türk Qadınlar Mərkəzi zorakılıqla üz-üzə qalan bütün qadınların – və təzyiq və silinmə ilə üzləşən bütün seksual-cinsi azlıqların – yanındadır.
Biz zorakılıqla mübarizəyə, maarifləndirməyə, bərabərlik tələbinə və humanist dəstəyə bağlılığımızı vurğulayırıq.
Azad və bərabər bir cəmiyyət yalnız o zaman mümkündür ki, heç bir insan cinsiyyəti, bədəni, kimliyi və ya yönəlməsi səbəbilə təhdid edilməsin.
Türk Qadınlar Mərkəzi
22 noyabr