Təbrizdə nəzarətdə saxlanılan cütlüyün müvəqqəti azadlığa buraxılmasına əngəl törədilir

Təbriz sakini olan milli fəallar Mehrdad Əlayi və Nəyyir Sənəndəciyan Hökmabadi həbslərindən 100 gün keçməsinə baxmayaraq, Təbriz ədliyyə rəsmiləri onların girov qarşılığında müvəqqəti azadlığa buraxılmasını qəbul etməkdən imtina edirlər.

Bölgədəki hüquq müdafiəçiləri bu cütlüyün müvəqqəti azadlığa buraxılmasına əngəl törədənlərin Təbrizin ədliyyə rəsmiləri olduğunu bildirirlər.

Sosial mediada İran Azərbaycanı ilə bağlı xəbərlər dərc edən bəzi xəbər kanalları Nəyyir Sənəndəciyan Hökmabadi və Mehrdad Əlayinin azadlığa buraxılmaması ilə bağlı yazıblar ki, Təbriz prokuroru Məhbub Əlilu onların azadlığa buraxılmasına mane olub.

Milli fəallar Nəyyir Sənəndəciyan Hökmabadi və həyat yoldaşı Mehrdad Əlayi oktyabrın 8-də şəhərdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib, sorğu-suala çəkildikdən sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülüblər. Hazırda cütlüyün nəzarətə alınmasından 100 gün keçir, lakin onların müvəqqəti azadlığa çıxması hələ ki, mümkün olmayıb.

“Qanunsuz mitinqdə iştirak edərək, ölkənin təhlükəsizliyinə zidd hərəkət etmək” ittihamından suçlanan cütlük iki il həbs cəzasına məhkum edilib, ayrıca onların iki il müddətinə ölkədən çıxışına qadağa qoyulub.

İctimai fəal və azərbaycanlı jurnalist İbrahim Rəşidi (Savalan), Nəyyir Sənənciyan haqqında Teleqram kanalında yazıb: “Bir müddət Təbriz həbsxanasında saxlanılan və buraxılan qadınların hamısı Nəyyir Sənənciyanın çətin anlarda yanlarında olduğunu deyirlər”.

Güneyli yazar və jurnalist Təbrizin mərkəzi zindanından azad edilənlərə istinadə edərək, Mehrdad Əlayinin digər məhbuslarla birlikdə bir müddət Azərbaycanın müasir tarixi mövzusunda müzakirə sessiyası keçirdiklərini, ancaq həbsxana rəhbərliyinin həmin iclasların qarşısını almaq üçün iştirakçıların hər birini başqa bölmələrə köçürdüyünü qeyd edib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Son Xəbərlər