Bu kişilərdən uzaq durun

Qadınlara qarşı zorakılığın, vəhşi davranışların, qandonduran cinayətlərin sayı durmadan artır. Demək olar ki, hər səhəri ya qətl, ya döyülmə, ya da təcavüz xəbərləri ilə açırıq. Bütün bunlar qadınların həyatının ciddi təhlükə altında olduğunun xəbərçisidir və heç bir qadın bu durumdan sığortalanmayıb. Yəni hər an partnyorumuzun içindən ağzı qanlı canavar çıxa biləcəyi mümkündür.

Sevmək, aşiq olmaq, ailə qurmaq əlbəttə ki, hər kəsin haqqıdır. Amma gənc yaşda bir özünü bilməzin qurbanına çevrilməmək üçün kişi seçimində diqqətli olmaq lazımdır. Məsələn, qulağa sırğa ediləcək bir qayda var; münasibətin başlanğıcında sizə anormal davranış sərgiləyən kişilərin bir müddət sonra əli qanlı qatilə və ya yumruq göstərən tərəf ola biləcəyini gözardı etməyin. Şiddətin üstünü “sevgi” ilə örtüb “dərdimdən dəli-divanə olduğu üçün belə edir” deməyin. Çünki fiziki şiddətin episentrində psixoloji xəstəlik yatır və bu, dəhşətli təkanlara səbəb ola bilər. Yaxşı, bəs belələrini necə tanıyaq?

Əvvəlcə sahiblənir, sonra hakimiyyət qururlar. Xoş niyyətlə oturduqları taxtda qısa vaxtdan sonra xoşməramlı iqtidar deyil, qana boğan diktator kimi davranmağa başlayırlar. Bu, əvvəl-əvvəl qadınların xoşuna gəlir. “Filan yerə getmə, məndən xəbərsiz çölə çıxma, bunu geyinmə, onunla görüşmə” kimi sözlərlə kişinin onu qısqandığını düşünür, hələ “sevən qısqanar” deyib bununla öyünənlər də az deyil. Fəqət, bir müddət sonra onun dediyini etmədiyinizdə bomba kimi partladığını görürsünüz. Bu hirs gec, ya tez mütləq şiddətə çevrilir. Göz yumulduğu, üzərindən keçildiyi təqdirdə mərhələli şəkildə irəlilədiyini və qarşıda sizi dərin qaranlıq quyunun gözlədiyini əsla unutmayın.

Bir də hirs dağarcıqları var. İstər sizə, istərsə də digərlərinə ən primitiv mövzularda belə həddindən artıq təpki göstərirsə, əlini ora bura çırpır, yumruğunu sıxır, ağzı köpüklənə-köpülənə bağırırsa, bu kişi fəlakətiniz ola bilər. Belələri sükan arxasında birinə hirslənsə, işdə “quyruğu tapdansa”, evə gəlib acığını sizdən çıxardacaq tiplərdir. Bir bəhanə tapıb içindəki zəhəri sizin vücudunuza yeridəcək. Ola bilər ki, yaxşı yönləri çoxdur, amma bu, onun şiddətə meyilli olmağı gerçəyini dəyişdirmir. Əvvəl axır o öfkəni şırnaqdan fışqıran su kimi üzərinizə püskürdəcək.
Günahkar axtarışında olanlara qarşı daha tədbirli olun. Ona görə ki, şiddətə meyilli insanlar əsla haqsız olduqlarını qəbul etmirlər. Belə məqamlarda həmişə başqalarını suçlayırlar. Bu suçlama adətən ən yaxınındakını hədəfləyir, məsələn, sevgilisini, arvadını. Uşaq ağlayırsa, günahkar qadındır, işləri yaxşı getmirsə, suçlu odur. Bu suçlamalar bir müddət sonra cəzalandırmaya keçir. Bunu əsla qəbul etməyin, münasibəti bitirin!

Əmrlə danışanları xəfifə almayın. Mütəmadi tələblər qoyan, “elə, get, gəl, otur, dur” kimi ifadələr işlədən kişilər təhlükəlidir. Nə nəzakət bilirlər, nə incəlik, onların dili tikan, içləri kol-kosdur. Bəlkə siz bu davranışı onun mühitinə, yetişdirilmə tərzinə bağlayırsınız, amma həqiqət elə deyil. Bu kişilər hərəkət edən şillə, təpik, yumruq, qanlı bıçaq, tavandan asılı hazır ipdirlər. Əmr etdiyi şeyə əməl edilməyəndə qadını doğulduğuna peşman edirlər. Qadın  “sevirəm” deyərək ona ayaq uydurur, amma təəssüf ki, uzaqlarda dolanan ölümə qapı aralamış olur. Sevgi insanların bir-birinə şəfqətli, anlayışlı davranması deməkdir. Əmrlə idarə edilmək, kiminsə reabilitasiya mərkəzinə çevrilmək heç bir qadının öhdəliyi olmamalıdır.
Təhdid edənlər ən betərləridir. Adətən şiddətə meyilli kişilər iki üsulundan istifadə edirlər. Birincisi, sizin ona olan sevginizi bilir və mütəmadi sizi tərk edəcəyi, ya da ayrılmaqla təhdid edir. İkincisi isə “məndən ayrılsan, səni öldürərəm” deyir. Hər iki halda getmək mümkünsüzləşir. Hal belə olunca qadın qorxusundan ayrıla bilmir. Əslində, qadın bu hərəkəti ilə şiddəti kişinin beynində leqallaşdırmış olur. Hətta daha betəri öz beynində bunu normal hal kimi qəbul etməyə başlayır. Vəziyyət bir növ Stokholm sindromuna çevrilir. Qadının ilk işi təhdid edildiyi anda o adamdan uzaqlaşmaqdır.

İntihar taktikası da yayğındır. Məsələn, əlin, qolun kəsərək göz qorxudur. Özünə zərər verən kişinin qarşıdakına da zərər verməkdən çəkinməyəcəyini unutmaq olmaz. Belə hala şahid olan qadının ürəyi yumşalır və acıyaraq onu yanında qalmağı seçir, bu zaman öz ölümünə şərait yaratdığının fərqində olmur. Hətta sabah beyninə çaxılacaq gülləni öz əli ilə kişini ovucuna qoyur. Bəziləri qadının ağzının qanını burnuna qarışdırır, yerlərdə sürüyür, sonra hədiyyələr alaraq, önündə diz çökərək, yalvarıb ağlayaraq üzr istəyir. Qadın isə hisslərinə yenilərək bu cür xəstə ruhlu kişiləri bağışlayır. Onun “sənsiz yaşaya bilmərəm” kimi boğazdan yuxarı sözləri qadına romantika kimi görünsə də, əslində, ölüm qoxan cümlə olduğunu anlamaq istəmir. Fərd, şəxsiyyət olmayan, dəyər anlayışını dərk etməyən, mütəmadi şikayətlənən, deyinən, özünü hamıdan üstün görən, məmən-mənəm söyləyib sinəsinə döyən, ara sözləri işlədən, söyüş dilindən düşməyən, dinləməkdən daha çox danışan, yataqda sizdən çox öz zövqü üçün çalışan, hisslərinizi görməzlikdən gələn, dili zəhər saçan, anlamaqdan yox, danlamaqdan yana olan bütün kişilər həyatınızda yeriyən bombadır, partlaması an məsələsidir, nə qədər ki, gec deyil, qaçın canınızı qurtarın!..

 

Türkan Turan

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Son Xəbərlər