Azərbaycan xalçaları: Milli və bəşəri dəyər kimi

Azərbaycan incəsənəti, xüsusilə, dekorativ-tətbiqi-sənəti olduqca qədim və zəngin tarixə malikdir.

Tətbiqi sənətimizin elə bir sahəsi yoxdur ki, orada bəzək ornamentləri işlədilməmiş olsun. Xalça və xalça məmulatlarında, tikmə, zərgərlik, şəbəkə işlərində, kaşı və silahlarda, tətbiqi – sənətin digər növlərində sadə və mürəkkəb bəzək ornamentlərinə rast gəlinir.

Dekorativ-tətbiqi sənət növlərindən biri xalçaçılıqdır. Xalçaçılıq sənəti xalqın həyatını, onun adət və ənənələrini özündə əks etdirir. Xalçaçılıq milli mədəniyyət tariximizdə özünəməxsus yer tutur. Arxeoloji qazıntılar zamanı məlum olmuşdur ki, hələ tunc dövründən başlayaraq Azərbaycanda xalçaçılıq sənəti ilə məşğul olunmuşdur. Qazıntılar zamanı at fiqurunun üzərində gül təsvirləri ilə bəzədilmiş çul rəsmi, qızıl camın üzərindəki  üstünə çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalça sənətinin nə qədər qədim tarixə malik olduğunu göstərir. Qədim dünya tarixçiləri Herodotun, Ksenofontun əsərlərində də xalqımızın hələ eradan əvvəl xalçaçılıqla məşğul olduğuna dair müxtəlif məlumatlar vardır. Xalçaçılıq kiçik kənd evlərində yaranmış və zaman keçdikcə inkişaf edərək incəsənətin əsas qollarından birinə çevrilmişdir. Xalça firavanlıq simvolu, yaşayış yerlərinin bəzədilməsi və isidilməsi üçün ən qədim əşyalardan hesab edilir. Xalçaçılıq qədim xalq sənəti növlərindən biridir ki, bugünədək məişətdə təkcə qiymətli əşya kimi deyil, həm də istilik, gözəllik, hədiyyə, müalicə vasitəsi kimi də istifadə olunur. Xalça, hətta xalqımızın adət – ənənələrinə uyğun olaraq, bugün də qızlarımızın ən vacib cehiz əşyası sayılır.

Xalçaçılığın inkişafı üçün əsas amillərdən biri də ölkədə xammal və müxtəlif növ yerli boyaların bol olmasıdır. Qoyunçuluğun inkişafı ilə əlaqədar yaranmış yun bolluğu sayəsində xalçaçılıq inkişaf etmişdir. Azərbaycan xalçaları gözəl və ahəngdar rəngləri ilə şöhrət qazanmışdır. Onların rəngi olduqca saf, şux, parlaq və sabit olur. Xalçalarda işlənən rənglər əsasən bitkilərdən – gül, zoğ, yarpaq və meyvə qabıqlarından hazırlanır. Azərbaycan xalçalarının rəng əlaqələri xalqın bədii zövqünə görə meydana gəlmiş və illər boyu inkişaf edərək təkmilləşmişdir. Azərbaycan xalçaları yunun keyfiyyəti, boya komponentləri, toxunma texnologiyaları və naxışlarına görə həmişə bir – birindən fərqlənmişlər.

Müxtəlif naxış və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalça növlərindən çadır və alaçıqların, habelə yaşayış evlərinin divar bəzəklərində, döşəmələrində istifadə edilirdi. Əsasən sarayların bəzədilməsində dəst xalılardan istifadə edilirdi. Bədr Şirvaninin “Divan”ında Şirvanşahlar Sarayının divar və döşəmələrinin əsrarəngiz xalılarla bəzədilməsi qeyd olunur. Sarayların bəzədilməsində əsasən dəst xalılardan istifadə olunurdu. Dəst xalı ortaya salınan mərkəz, iki kənarə, başlıq və ayaqlıq kimi bir neçə hissədən ibarət olurdu. Bu növ xalçaların tərkib hissəsi olan kənarə xalçalar sarayda təşkil olunan ekspozisiyada nümayiş etdirilir. Şirvan məktəbinə məxsus olan bu nümunələr təkrarolunmazlığı ilə göz oxşayır.

Azərbaycan xalçaları texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Bu növ xalçalar öz toxunma üsuluna, kompozisiya quruluşuna görə müxtəlif olur. Xalça sənətinin yaranışı əsasən onların ilk sadə nümunələri olan həsir, palaz və kilimdən başlayır. Şirvanşahlar Sarayında qorunub saxlanılan xalça məmulatlarının kiçik bir hissəsini məhz həmin nümunələr təşkil edir. Məsələn, ekspozisiyada nümayiş edilən məfrəş, duz kisəsi və heybə bu kimi xalça məmulatlarındandır. Belə xalça nümunələri insanların həyat və fəaliyyətlərində mühüm yer tutmuşlar. Bu səbəbdən onlar el arasında “məişət xalçaları” da adlanır.

Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həllinə görə bir neçə məktəbə bölünür. Əvvəllər xalçaçılıq məktəbi 4 növə ayrılsa da, sonrakı dövrlərdə şərti olaraq 7 ixtisaslaşmış məktəb fəaliyyət göstərir: Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz. “Şirvanşahlar Sarayı” muzeyində bu məktəblərə məxsus qiymətli xalça nümunələri saxlanılır. Onların ən gözəl nümunələri yaşayış binasında təşkil olunmuş ekspozisiyada sərgilənir. Həmin xalçaların əksəriyyətini Quba, Bakı, Şirvan məktəblərinə məxsus xalçalar təşkil edir.

Quba, Şirvan və Bakı məktəbləri texnoloji cəhətdən bir – birinə yaxın olmasına baxmayaraq, ornament cəhətdən bir o qədər də fərqlənirlər. Quba məktəbinin xalçaları kompozisiyalarına görə Bakı və Şirvan xalçalarından daha mürəkkəbdir. Quba məktəbində toxunan xalçalar yığcam kompozisiyaları ilə seçilir, onlarda naxış həlli müxtəlifdir. Şər qüvvələrdən qorunmaq, xeyir – bərəkət rəmz və işarələrin, naxışların dili ilə əks etdirilir. Quba məktəbinə daxil olan ən incə, zərif toxunuşlu xovlu xalçalardan “Qımıl”ı, “Şahnəzərli”, “Pirəbədil”, “Qollu Çiçi”ni, xovsuzlardan “sumaxlar”ı göstərmək olar. Xovsuz xalçalardan palaz, kilim, cecim, hətta sumaxlar çox qədim zamanlarda Şirvan ərazisi üçün səciyyəvi olmuşdur. Şirvan xalçalarının naxışlarında isə Bakı və Quba xalçalarına nisbətən heyvan, bitki, məişət əşyalarının təsvirlərinə daha çox rast gəlinir. Bu növə daxil olan xalçaların kompozisiyası mürəkkəb və zəngin naxışlı, rəngləri ahəngdar və ağır olur. Xalçalar kiçik və orta ölçüdə, sıx, yumşaq və nazik toxunur. Şirvana məxsus klassik kompozisiyalardan “Bico”, “Yolluq”çeşnilərinin ən nəfis nümunələri fond saxlanclarımızı daha da dəyərli edir.

Bakıda toxunan xalçaların ara sahəsi sürməyi, nadir hallarda qırmızı və şəkəri rənglərdən ibarət olur. Bakı xalçalarının kompozisiyasını adətən böyük dördbucaqlı göllər təşkil edir. Beləliklə, bu ərazilərdə toxunan xalçalarda naxış və naxış elementləri eyniyyət təşkil etdiyindən xalçaçılıqda Bakı məktəbi yaranmış və sonradan bu sahədə dəyişikliklər baş vermişdi. Bakı nümunələrində “buta” bəzəyinə çox tez – tez rast gəlinir. “Buta” elementindən Şirvan xalçalarında da istifadə edilir. Ekspozisiyada sərgilənən xalçalardan biri də XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid olan Bakı xalçasıdır. Öz əsrarəngiz quruluşu ilə çox maraqlı görünür. Bakı xalçalarına məxsus sürməyi fonda orta hissədə zoğalı rəngdə iri olmayan gül şəkilli göl var. Gölün ətrafında nisbətən xırda güllər təsvir olunmuşdur. Xalçanın əsas bəzək elementlərini “anagül”lər təşkil edir. Dörd küncündə gölün  yarım hissələri təsvir olunmuşdur. Ara haşiyəsi ağ fonda əyri butalarla toxunmuş, xalçanın kənarlarında qəhvəyi və zoğalı rəngdə balahaşiyə təsvirləri verilmişdir.

Azərbaycan xalçaçılığının ən mürəkkəb məsələlərindən biri də onun “oxunması”dır. Xalçanın ümumi kompozisiyası, quruluşu, rəng harmoniyası ilə birlikdə mənalarının açılması da böyük əhəmiyyət kəsb edir. Əcdadlarımız bu sənət sahəsi ilə çox qədim zamanlardan məşğul olmuşlar. Xalçalar üzrə işarələr müəyyənləşdirilmiş və mənalandırılmışdır. Azərbaycan xalçalarında ən çox rast gəlinən motivlərdən biri “əjdahalı” motividir ki, bu da “Xətai” kompozisiyasına daxil edilir. Bu kompozisiya incəsənətin bütün sahələrində tətbiq olunur, xüsusilə də xalçaçılıqda. Quruluşuna və bədii dolğunluğuna görə bu “Əfşan”, “Şeyx Səfi”, “Ləçək – turunc” kimi kompozisiyalar sırasına daxil edilir. Şirvanşahlar Sarayında təşkil olunmuş ekspozisiyada sərgilənmiş xalçalar arasında “Xətai” adlı xalça öz özəlliyi ilə seçilir. Xalçanın kompozisiyasını uzunsov, bükük formalı, enli, kənarları diş – diş olan budaqlar təşkil edir. Budaqların içərisi “əfşan gülü” adlanan elementlə bəzədilmişdir.Xalça Şirvanşahlar Sarayının ruhunda toxunmuşdur. Onun haşiyə bəzəyində saray portallarındakı nəbati və həndəsi ornamentlərdən istifadə olunmuşdur. “Xətai” xalçasında istifadə olunmuş açıq qəhvəyi, yaşıl, göy rənglər xalçaya xüsusi ahəhgdarlıq verir. Bu motiv, xüsusilə Şirvan, Quba, Qarabağ və Qazax xalçaçılığında daha çox işlənmişdir.

Azərbaycan xalçalarının dünya mədəniyyətinin inkişafına təsiri də danılmazdır. Azərbaycan xalçaları dünyanın məşhur rəssamlarının tablolarında, səyyahların əsərlərində təsvir olunmuş, gözəlliyi ilə hamını heyran qoymuşdur. Azərbaycan xalçaları zərif və parlaq yunu, yüksək keyfiyyəti, rəngarəngliyi, ecazkar naxışları ilə hələ orta əsrlərdən dünya miqyasında şöhrət tapmışdır. Artıq XIX əsrdə beynəlxalq sərgilərdə nümayiş etdirilən Azərbaycan xalçaları öz zərifliyi ilə diqqəti cəlb etmişdir. İndi də Azərbaycan xalçalarının sorağı dünya  muzeylərindən gəlir. Azərbaycan xalçaları dünyanın bir çox məşhur muzeylərində nadir sənət nümunəsi kimi saxlanılmaqdadır. Məsələn, Təbrizdə toxunmuş “Şeyx Səfi” xalçası Londonun “Viktoriya və Albert”, Qarabağda “Qoca”, Şirvanda “Şamaxı”, Təbrizdə toxunmuş “Ovçuluq” xalçaları Nyu York şəhərinin “Metropoliten”, XIII – XVIII əsrlərdə toxunan müxtəlif xalçalar İstanbulun “Türk – islam eserleri muzesi”, Bakının “Xiləbuta” çeşnili sürməyi yerli xalçası Moskvanın Dövlət Tarix Muzeyində və digər muzeylərdə nümayiş etdirilir. Bunlarla yanaşı xalqımıza məxsus olan qədim və qiymətli xalçalar öz muzeylərimizdə də qorunur. Eyni zamanda “Pirəbədil”, “Şahnəzərli”, “Qollu Çiçi”, “Qımıl”, “Bico”, “Xilə – Əfşan”, “Xətai” kimi xalçalar Şirvanşahlar Sarayında qorunub saxlanılır. Və zaman – zaman təşkil edilən sərgilərdə nümayiş etdirilir. Bununla da yaranışından xalqımızın özü qədər qədim olan xalçaçılığımız – maddi – mənəvi sərvətimiz həm ölkəmizə gələn turistlərə, həm də gənc nəsillərimizə təbliğ edilir.

Əsrlər boyu qazanılan maddi dəyər nümunələri zaman keçdikcə daha çox mənəvi dəyərlər hesab edilir. Uzun illər boyu yadelli qəsbkarların zülmü altında inləmiş olan Azərbaycan xalqı, çətinlik və məhrumiyyətlərə baxmayaraq  öz milli sənət ənənələrini daha da saflaşdırmış və bu ənənələri nəsillərdən nəsillərə çatdırmışdır. “Milli ənənələrimizin nə qədr dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr arasında tərbiyə etmək üçün muzeylər lazımdır və bu muzeyləri qoruyub saxlamaq vətəndaşlıq borcumuzdur” – söyləyən ümummilli liderimiz Heydər Əliyev muzeylərə böyük diqqət ayırmışdır.

Bu ənənəyə sadiq olaraq  “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyi də öz fondunda Azərbaycan xalçalarının qədim və nadir nümunələrini qoruyur.

Fidan ADIGÖZƏLOVA

“Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin əməkdaşı

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Son Xəbərlər