Könül Nurullayevanın ‘ayaqqabı ilə girdiyi’ evin sahibi danışdı

İki gündür ki, sosial şəbəkələrdə millət vəkili Könül Nurullayevanın guya bir şəhid ailəsini ziyarət edərkən evə ayaqqabı ilə daxil olmasını əks etdirən foto yayılıb. Hazırki həssas durumda millət vəkilinin “şəhid evi”nə ayaqqabı ilə daxil olması bir çoxları tərəfindən xoş qarşılanmayıb, hətta onu tənqid edənlər də olub.

 

Məlum məsələdir ki, 44 gün davam edən Vətən müharibəsində, döyüş meydanında qazanılan qələbə igid oğulların qanı, canı bahasına əldə olunub. Bu səbəbdən xalqımız şəhid və şəhid ailələri mövzusuna həssaslıqla yanaşır, bu mənada hər hansı diqqətsizliyə sərt reaksiya verilməsi anlaşılandır.

Həmin ailə Bakının Nizami rayonunda yerləşən Keşlə qəsəbəsi, Zakir küçəsi 11 ünvanında yaşayır. Qəsəbə sakinlərindən bu ünvanı soruşduqda, “Bu ki, “Nağıl ev”dir, onu qəsəbədə tanımayan yoxdur”,- deyə cavab verdilər. Beləliklə, qəsəbə sakinlərinin “Nağıl ev” adlandırdığı mənzili tapıb, ailə ilə yaxından tanış olduq.

Məlum oldu ki, evin sahibi Zərifə Gözəlova uzun illərdir ki, 1-ci qrup əlil olan qızı Kəmalə Gözəlova ilə burada yaşayır. “Nağıl ev” bir neçə aya qədər tamamilə təmirsiz, normal yaşayış şəraiti olmayan, cəmi 16 kv/m sahəni əhatə edən mənzil olub. Lakin Zərifə Gözəlovanın mövcud vəziyyət ilə bağlı millət vəkili Könül Nurullayevaya müraciətindən sonra yaşayış şəraitləri tamamilə dəyişib:

“İllərlə əlil qızımla yaşaması mümkün olmayan bu mənzildə tək-tənha keçinməyə çalışmışıq. Əvvəllər müxtəlif yerlərdə xadimə işləmişəm. Qızım tək qalmasın deyə, onu da özümlə birgə işə aparırdım. Amma sonra işdən çıxdım, bir tək qızımın əlillik müavinəti ilə dolanmağa başladıq.

Gördüyünüz bu “Nağıl ev” əvvəl çox pis vəziyyətdə idi. Bura bizim həm mətbəximiz, həm yatdığımız yer idi. Evin pəncərəsi də yox idi. Yağış yağanda damdan içəri su tökülürdü. Yatmağa yatağımız, digər ehtiyacı olduğumuz məişət əşyaları yox idi.

Evin şəraiti ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etmişdik. Lakin heç bir nəticəsi olmurdu.

Bir dəfə mənə dedilər ki, bizim ərazidən seçilən millət vəkili Könül Nurullayevaya da müraciət edim. Sözün düzü, buna qədər müraciətlərim nəticəsiz qaldığı üçün vəziyyət ilə bağlı hansısa dəyişikliyin olacağına ümid etmirdim. Həm də bilirdim ki, adətən sosial problemlərlə bağlı məsələ aidiyyəti qurumların səlahiyyətindədir və bu kimi problemlərin həlli birbaşa millət vəkilinin səlahiyyətində deyil…

Buna baxmayaraq, sosial şəbəkə üzərindən Könül xanıma yazıb, ondan kömək istədim. Heç gözləmədiyim halda müraciətimə dərhal reaksiya verildi və Könül xanım tez bir zamanda, təxminən iyun ayının sonlarında evimizə gələrək, şəraitlə yaxından tanış oldu. Həqiqətən burada yaşamağın mümkün olmadığını gördü. Bizə ürək-dirək verərək bildirdi ki, imkanlı şəxslərin yardımı və mərhəməti sayəsində evimizi təmir etdirəcək”.

Zərifə Gözəlova daha sonra qeyd edib ki, dərhal evin təmirinə başladılması üçün ailə müvəqqəti olaraq başqa yerə, kirayə evə köçürülüb:

“Sosial şəbəkədə yayılan foto da məhz həmin zaman çəkilib. Biz artıq başqa yerdə müvəqqəti olaraq kirayəyə köçürülmüşdük. Könül xanım evin təmiri ilə bağlı ustalara göstəriş verməli idi və bu səbəbdən mən də qızımla birgə bura gəlmişdik. Yazırlar ki, “deputat şəhid ailəsinin evinə ayaqqabı ilə daxil olub”. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində biz bu qələbəni, zəfəri qazanmışıq. Eləcə də şəhid ailələrinə səbir diləyirəm, Allah onlara daim yardımçı olsun. Lakin demək istəyirəm ki, biz şəhid ailəsi deyilik. Sosial şəbəkələrdə yayılan həmin məlumatı görəndə həm çox təəccübləndik, həm də pis olduq. Çox güman ki, bu məqsədli şəkildə edilib. Bizim ailəmizin yaşadığı böyük sevinci, yatıb, yuxuda görə bilməcəyimiz şəraitdən yazmaq əvəzinə deputatın mənzilə ayaqqabı ilə daxil olmasını qabartmağa çalışırlar”.

Zərifə Gözəlovanın sözlərinə görə, ev köklü şəkildə təmir olunmaqla yanaşı həm də yeni məişət avadanlıqları ilə də təmin olunub.

“Evimiz tamamilə sıfırdan təmir olunub. Gördüyünüz kimi, ikinci mərtəbə də artırılıb. İndi bizim də eyvanımız, paltar asacağımız yer var. Əvvəllər paltarları çöldən asırdım, buna görə də çox vaxt onları oğurlayırdılar. Bizə yeni model iki yataq, şkaf, paltaryuyan, soyuducu, televizor, mətbəx əşyaları da verdilər. Və bir də, nəhayət ki, bizim də hamam, hamamda duşumuz var. Qızımla hər gün Könül xanıma dua edirik. Bütün bunlar onun təşəbbüsü, yardımı ilə edilib”,- deyə Zərifə Gözəlova göz yaşları içərisində bildirir.

1-ci qrup əlil olan 27 yaşlı Kəmalə Gözəlova da öz sevincini bu cür bölüşüb:

“Anamla birgə çox əzab çəkmişik, çox ağır şəraitdə yaşamışıq. Mövcud şəraitimizlə bağlı Könül xanıma müraciət etdik və o, səsimizi dərhal eşitdi. Nəhayət ki, biz də digər insanlar kimi normal şəraitli evdə yaşayırıq. İndi bizim hər bir şeyimiz var. Buna görə Könül xanıma nə qədər təşəkkür etsək, azdır.

Sosial şəbəkədə bizim evdə çəkilən fotonu qərəzli şəkildə yayanlara üzümü tutub deyirəm, etdiyiniz bu hərəkət doğru deyil, tamamilə uydurmadır. Həmin vaxt bizim ev artıq təmir olunmağa başlayırdı. Belə bir vaxtda kiminsə evə ayaqqabı və ya ayaqqabısız daxil olmasının heç bir əhəmiyyəti yox idi. Bundan kimlərinsə dırnaqarası narahat olmasını hələ də anlaya bilmirik. Demək istəyirəm ki, mən və anam illər sonra çox xoşbəxtik və bu xoşbəxtliyi bizə bəxş edən hər kəsə ömür boyu minnətdarıq!”.

 

 

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Son Xəbərlər